Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 03:09

Litvaya hava şarları buraxdığına görə Aİ-dən Belarusa yeni sanksiyalar gözlənilir


Belarusdan Litvaya uçan hava şarı.
Belarusdan Litvaya uçan hava şarı.

Avropa İttifaqı (Aİ) son aylar Litvaya hava şarları buraxdığına görə Belarusa sanksiyalar tətbiq etməyə yaxındır.

Hava məkanının hava şarları ilə pozulması bir neçə dəfə aeroportların bağlanmasına səbəb olub. Noyabrda isə Litva Belarusla sərhədini müvəqqəti bağlayıb.

AzadlıqRadiosuna danışan Litva rəsmiləri iyundan bəri Belarusdan Litvaya 315 şarın keçdiyini deyiblər. Oktyabrda 71 belə müdaxilə qeydə alınıb.

Şarlar asanlıqla yüksəkliyə qalxır deyə, radara düşməkləri asan məsələ deyil. Bu şarların çoxu Belarusda istehsal olunan siqaretləri daşıyır.

Dekabrın əvvəlində bir şara görə Vilnüs aeroportu 12 saata yaxın bağlı qalıb.

Sərhəd bağlamağın da xeyri olmadı

Litva oktyabrın sonunda məsələni Brüsselin diqqətinə çatdırıb, Belarusu pisləyən bəyanat yayıb. Amma onda Minskə sanksiya qoyulmayıb. AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak yazır ki, görünür, Vilnüs onda Aİ-yə buna görə təzyiq göstərməyib.

Əvəzində Litva qonşusu ilə 700 km-lik sərhədini qapadıb.

Noyabrda şarların sayı azaldığından Litva ayın 19-da sərhədi yenidən açıb. Bunun da xeyri olmayıb. O vaxtdan Vilnüs aeroportu həftədə ortalama iki dəfə bağlanır. Diplomatlar şarların ölkənin əsas aeroportunu hədəf aldığını deyirlər.

Üstəlik, minə yaxın Litva qeydiyyatlı yük maşını sərhədin Belarus tərəfində ilişib qalıb. Maşınlara günə 120 avro pul tutan parklama yerlərinə getmək göstərişi verilib.

Noyabrın sonunda Litvanın xarici işlər naziri Kyastutis Budris Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasa məktub yazaraq yük maşınlarının qaytarılmasına kömək istəyib.

Sanksiyalar

Brüsselin əlində isə azı bir alət var: Belarusa mövcud sanksiya rejiminə şarları göndərənləri də əlavə etmək.

Aİ-nin Aleksandr Lukaşenko rejiminə qarşı sanksiyalarına çoxdan qüvvədədir: müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalarda iştirak edənlərə, Rusiyanın Ukrayna müharibəsini dəstəkləyənlərə sanksiyalar tətbiq olunur.

AzadlıqRadiosunun da gördüyü yeni təklifdə isə üzv ölkənin ərazisinə, o cümlədən hava məkanına icazəsiz girişdə əli olanlar hədəfə alınacaq.

R.Yozvyak Aİ üzvlərinin bu təklifi Milada qədər təsdiqləyəcəyini yazır.

Litva Brüsselin Minskə digər məhdudlaşdırıcı tədbirlər tətbiq etməsini də istəyir. Təkliflərdə Belarusun 10 bankına tam tranzaksiya qadağası, hazırda sanksiya altında olan Belarus potaşından əlavə nitrogen gübrələrinə də sanksiya, Aİ-nin Belarusda raps yağı və duz idxalına qadağa yer alıb.

XS
SM
MD
LG