Keçid linkləri

2025, 14 Dekabr, bazar, Bakı vaxtı 03:09

Hafiz Babalı tibb məntəqəsinə köçürülməsini istəyir


Hafiz Babalı
Hafiz Babalı

Həbsdə olan araşdırmaçı-jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq, tibb məntəqəsinə köçürülmədiyini bildirir.

Bu barədə dekabrın 6-da Facebook səhifəsində ictimailəşdirilən mesajda o, vurğulayıb ki, ayağındakı vəziyyət "artıq çox ciddi hal alıb".

Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib.

H.Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib, ayağında qızılyel infeksiyası müəyyən edib və ona iynə vurulub: "Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılır".

Bu müraciətə Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.

24 noyabr

Hafiz Babalı həbsxana rəhbərliyindən şikayətçidir

"AbzasMedia işi" üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı-jurnalist Hafiz Babalı hüquqlarının pozulduğunu bildirərək ədliyyə naziri Fərid Əhmədov və İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.

Müraciət onun Facebook hesabında paylaşılıb.

H.Babalının vurğulamasına görə, hökumətyönlü media qurumları, o cümlədən bir sıra televiziya kanalları ona qarşı qarayaxma kampaniyası aparır. Bununla əlaqədar o, həm mülki qaydada, həm də xüsusi ittihamçı qismində məhkəmələrə müraciət edərək şərəf və ləyaqətinin müdafiəsini tələb etdiyini bildirib.

Amma jurnalist vurğulayır ki, noyabrın 6-dan etibarən 2 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) rəhbərliyi onun məhkəmələrə göndərmək istədiyi şikayət ərizələrini səbəbsiz olaraq poçt vasitəsilə göndərmir: "Şikayət ərizələri mənə məlum olmayan səbəblərdən 2 saylı CÇM-in rəhbərliyi tərəfindən aidiyyəti üzrə məhkəmələrə göndərilmir. Müəssisə müdiriyyəti hüquqlarımı kobud şəkildə məhdudlaşdıran bu hərəkətsizliyini heç bir qanuni əsasla izah edə bilmir".

Babalının sözlərinə görə, bəzi media subyektləri onu "qanunsuz maliyyələşdirilmə", "sifarişli məqalələr yazmaq", "qaçaq yollarla xaricdən valyuta gətirmək" və "əks-dövlət fəaliyyəti" kimi ağır cinayətlərdə əsassız ittiham edib. O, həmin media qurumlarının vəzifəli şəxslərinin bu iddiaları məhkəmədə sübut etməli olduğunu bildirir: "Əks halda, onlar layiq olduqları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Elə isə Penitensiar Xidmət Femidaya niyə mane olur?".

Müraciətdə deyilir ki, H.Babalı noyabrın 21-də ərizələrinin geri qaytarılması üçün müəssisə rəhbərliyinə rəsmi müraciət edib.

Hələlik, bu müraciətə Penitensiar Xidmət və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hafiz Babalı 2023-cü ilin dekabrında "AbzasMedia işi" çərçivəsində saxlanılıb. Bu iş üzrə onunla birgə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadəni 9 il, N.Absalamova və E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Son iki ildə Azərbaycanda 30 civarında jurnalist, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Həmin jurnalistlərin hər biri iddianı siyasi, qurama sayıb. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı şikayətləri qəbul etmirlər.

XS
SM
MD
LG