"Ukraynanın ərazi təslim etməyə nə Ukrayna qanunları, nə beynəlxalq hüquq, nə də mənəvi nöqteyi-nəzərdən hüququ var". Bunu prezident Volodimir Zelenski Londonda Avropa liderləri ilə görüşdən sonra media brifinqində deyib.
O əlavə edib ki, Rusiya ərazi verməsi üçün Kiyevə təzyiq göstərir, "amma biz heç nə vermək istəmirik, buna görə də döyüşürük".
Zelenski ilkin 28-bəndlik sülh planının 20 bəndə salındığını, Ukrayna üçün ən ziddiyyətli şərtlərin çıxarıldığını deyib, amma detal açıqlamayıb.
Prezidentin dediyinə görə, Ukrayna tərəfi sülh planı üzərində işi tamamlayacaq və onu ABŞ-yə təhvil verəcək.
"Politico" nəşrinin daha öncə yazdığına görə, danışıqlar Donbasın gələcəyinə görə dalana dirənib: Rusiya Ukraynanın bu bölgədən imtinasını tələb edir. Ukrayna isə israr edir ki, istənilən sülh razılaşması müharibənin indiki mövqelərdə dondurulmasını nəzərdə tutmalıdır.
ABŞ-nin ilkin layihəsi mediada dərc olunsa da, rəsmi açıqlanmayıb. Planda Donbasın Rusiyaya verilməsi, Ukrayna qoşunlarının Donetsk vilayətindəki ərazilərdən çıxarılması, Xerson və Zaporojyedə döyüşlərin təmas xəttində dondurulması yer almışdı.
"ABŞ, Rusiya və Ukraynanın baxışları fərqlidir"
Dekabrın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Londonda Avropa liderləri ilə görüşüb.
"Ukraynanın yanındayıq, atəşkəs olarsa, ədalətli və davamlı olmalıdır", – Britaniyanın baş naziri Kir Starmer liderləri qarşılarkən deyib.
Zelenski "Bloomberg News"a müsahibəsində deyib ki, ABŞ-nin rəhbərlik etdiyi danışıqlarda Donbas bölgəsinə nəzarət məsələsində razılığa gəlinməyib. Rusiya dörd ilə yaxındır gedən müharibədə Ukraynanın hələ də nəzarəti saxladığı torpaqları verməsini tələb edir.
"ABŞ, Rusiya və Ukraynanın baxışları fərqlidir, Donbasla bağlı ortaq yanaşmamız yoxdur", – Zelenski "Bloomberg"ə telefonla verdiyi müsahibədə deyir.
Prezident bunun Ukraynaya təhlükəsizlik qarantiyaları daxil olmaqla bir neçə "həssas" məsələdən biri olduğunu, əlavə müzakirələr tələb etdiyini söyləyib.
Ötən həftə Mayami yaxınlığında üçgünlük danışıqlar müsbət tonla bitsə də, kəskin dönüş nəzərə çarpmayıb.
"Söhbət asan olmayıb"
ABŞ prezidenti Donald Tramp administrasiyası Kiyevə sülh təklifini qəbul etməsi üçün təzyiq göstərir. Tənqidçilər bu təkliflərin əsasən Rusiyanın xeyrinə olduğunu deyirlər.
Zelenski dekabrın 7-də videomüraciətində bildirib ki, "Amerikanın elçiləri Ukraynanın əsas mövqeyindən xəbərdardır, söhbət konstruktiv keçib, amma asan olmayıb".
ABŞ-nin yekun sülh planının necə olacağı, Rusiyanın hansısa güzəştlərə gedəcəyi bəlli deyil.
ABŞ-nin Ukrayna üzrə elçisi vəzifəsindən getməkdə olan Kit Kelloq dekabrın 7-də deyib ki, Ukraynada müharibənin bitməsi üzrə saziş "gerçəkdən yaxındır".
Onun sözlərinə görə, əsas iki böyük məsələ Ukraynanın Donbas vilayətinə nəzarəti və Zaporojyedəki nüvə elektrik stansiyasının statusudur. Bu stansiya Rusiyanın nəzarətindədir.
"Bu iki məsələni həll etsək, qalan şeylər də yoluna qoyular", – o vurğulayıb.
Ukrayna Rusiyanın işğalçı müharibəsinin ədalətli həlli üçün etibarlı təhlükəsizlik qarantiyaları tələb edir, Rusiyaya ərazi verməyəcəyini bildirir.
Tramp: Zelenski hələ sülh planı ilə tanış olmayıb
Zelenskinin London görüşü öncəsi ABŞ prezidenti Donald Tramp onu son sülh prosesi ilə tanış olmamaqda ittiham edib. O, jurnalistlərlə söhbətində ukraynalı həmkarından "bir az" məyus olduğunu sözlərinə əlavə edib.
"Prezident Putinlə danışmışıq, prezident Zelenski daxil olmaqla Ukrayna liderləri ilə danışmışıq. Bir az məyus olduğumu deməliyəm, prezident Zelenski təkliflə hələ tanış olmayıb, bir neçə saat öncə belə idi", – Tramp dekabrın 7-də deyib.
Zelenski isə dekabrın 7-də qatarda yazılmış gecə müraciətində yeni diplomatik həftənin başlandığını bildirib: "Avropa liderləri ilə müzakirələr olacaq. Hər şeydən öncə təhlükəsizlik məsələləri, qətiyyətimizə dəstək, müdafiəmizə yardım paketləri müzakirə olunacaq".