Ötən həftə Vaşinqtonda fərqli xarici siyasət istiqamətlərini əks etdirən iki vacib sənəd açıqlanıb. ABŞ-nin müttəfiqləri və rəqibləri bu materiallara dayanaraq böyük strateji məsələləri nəzərdən keçirirlər.
Ağ evin açıqladığı 33-səhifəlik Milli Təhlükəsizlik Strategiyası (NSS) xəbərlərdə "Öncə Amerika" yanaşması ilə təqdim olunur, "ABŞ-nin dünya nizamını ayaqda saxladığı günlər bitdi" deyilir. Sənəddə Avropa İttifaqı (Aİ) tənqid edilir, Rusiya ilə strateji sabitliyin bərpasından söz açılır. Bu isə Moskvada müsbət qarşılanıb.
Konqresin açıqladığı 3 min 86 səhifəlik Milli Müdafiə Qanunu (NDAA) isə Vaşinqtonun Avropadakı hərbi öhdəlikləri üzrə xərcləri bir həddə saxlamağı nəzərdə tutur. Eyni zamanda, kəşfiyyatın diqqəti Rusiyanın Çin və Şimali Koreya ilə hərbi əməkdaşlığına yönəldilir.
"Baxışlar fərqlidir. Amma məncə, nəzərdə tutulan vəsaitlərin tam maliyyələşdirilməsi uzun zaman alır", – Hadson İnstitutunun baş elmi əməkdaşı Oliviya Enos AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, ABŞ Konqresi NSS strategiyasına tabe olmur.
Trampın prioriteti Amerika və Çindir
NSS-in regional prioritetlər bölməsi Qərb yarımkürəsindən başlayır, Asiya, Avropa və Yaxın Şərqə keçir.
"Trampın sənədi (NSS) onilliklər boyu davam edən strategiyalara çox vacib bir düzəlişdir, əvvəlki strategiyalar ABŞ qarşısında aşırı geniş milli strategiya öhdəliyi qoyurdu", – birinci Tramp administrasiyasında Milli Təhlükəsizlik Şurasında (NSC) çalışmış Aleksandr Qrey yazır.
O, Atlantik Şurası üçün şərhində qeyd edir ki, Qərb yarımkürəsinə fokuslanmaq "ABŞ-nin vətəni qorumaq kimi əsas məqsədlərini açıq sərgiləyir".
Digər müşahidəçilər deyirlər ki, siyahıdakı ardıcıllıq Ağ evin prioritetlərinin birbaşa göstəricisidir.
"Qərb yarımkürəsində xarici siyasətin vurğulanması onların əsas daxili prioritetlərindən birinə, miqrasiyanın qarşısını almağa yönəlir",– Enos söyləyir. O, NSS-də Çinə yanaşmanın da daxili siyasi narahatlıqdan qaynaqlandığını bildirir, "hər şey iqtisadi təhlükəsizlik ilə bağlıdır". Təhlilçi insan haqları pozuntularına dair qeydin olmamasına da diqqət çəkir.
Bu sənəddə Pekinin Moskva ilə əlaqələrinə də toxunulmur.
Amma NDAA ABŞ kəşfiyyat qurumlarını Rusiya ilə Çin arasında hərbi əməkdaşlığı dəyərləndirməyə çağırır, buraya müdafiə ticarəti, birgə hərbi təlimlər, hərbi kəşfiyyat məlumatlarının paylaşılması da daxildir.
Hər iki sənəddə Tayvana güclü dəstək yer alır.
Avropa
NSS Avropada mübahisələr doğurub. Sənəddə qitənin "sivilizasiyanın silinməsi" riski ilə üzləşdiyi qeyd olunur. Avropa ölkələrinin siyasətinin siyasi azadlıq və suverenliyi sarsıtdığı deyilir, qarşıdurmalar yaradan miqrasiya siyasətləri, söz azadlığının senzurası və siyasi müxalifətin boğulmasından, doğum səviyyələrinin kəskin düşməsindən bəhs olunur.
ABŞ vitse-prezidenti C.D.Vens fevralda Münhendə oxşar çıxış etmişdi. O, Rumıniyanı prezident seçkisinin nəticələrini ləğv etdiyinə görə sərt tənqid etmişdi. ABŞ Avropada sağçı partiyalara demokratik azadlıqların tanınmadığını iddia edir. AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı əməkdaşı Rey Förlonq yazır ki, görünür, bu sənəd də həmin iddiaları önə çəkir.
Sənəddə Avropa söz azadlığının senzurasına görə tənqid olunur. Bu isə Aİ-də ABŞ sosial media şirkətlərinə qarşı addımlara eyham sayıla bilər.
ABŞ rəsmiləri bu məsələləri dəfələrlə gündəmə gətiriblər.
Ötən həftə NATO sammitindən öncə ABŞ dövlət katibinin müavini Kristofer Landau Aİ-nin X sosial media şəbəkəsini cərimələməsinə sərt reaksiya verib.
NSS Avropada güclü reaksiya yaradıb. Dekabrın 8-də Aİ Şurasının prezidenti Antoniu Koşta Vaşinqtonun Avropanın siyasətinə müdaxilə təhdidi yaratmasını "qəbuledilməz" adlandırıb: "Bu strategiya Avropa barədə müttəfiq kimi danışır. Bu yaxşıdır, amma müttəfiqiksə, müttəfiq kimi davranmalıyıq".
London Kral Kollecində Rusiya üzrə təhlilçi Sem Qrin AzadlıqRadiosuna deyib ki, "bu strategiya transatlantik alyansın sonunun başlanğıcıdır... Avropa ABŞ-nin şərtləri əsasında münasibəti qəbul edə bilməz: bu halda Avropanın təhlükəsizliyinin konturlarını, Avropanın daxili siyasətinin məzmununu ABŞ müəyyən edir, eyni zamanda yükün bölüşdürülməsini tələb edir".
Aylardır ABŞ-nin Avropada qoşun sayını azaldacağı gözlənilir. NDAA avropalılara ümid verir, ABŞ hərbçilərinin sayı 76 min səviyyəsində saxlanılır, azı 500 min dollarlıq avadanlığın çıxarılması da qadağan olunur.
Rusiya, Ukrayna
NDAA-da Baltik ölkələri ordularına ABŞ-nin dəstəyi nəzərdə tutulur, məqsəd Rusiya Federasiyasının təcavüzünü önləməkdir.
NSS isə öncəki versiyalardan fərqli olaraq, Rusiyanı təhdid, yaxud düşmən kimi göstərmir.
Enosun fikrincə, Rusiya və ABŞ arasında söhbətlərdə Rusiya prezidenti Vladimir Putini yumşaltmaq, onun eqosuna sığal çəkmək baxımından bu yaxşıdır.
"Amma ictimai şəkildə yumşalma mesajı vermək narahatlıq yaradır. Mənə görə, Çin, Rusiya, İran, Şimali Koreya eyni düşmən siyahısında yer almalıdır", – o əlavə edir.
NATO və ABŞ kəşfiyyat qurumlarında aparıcı vəzifələrdə olmuş Devid Kettler bir təhlilində qeyd edir ki, Ağ evin strategiyası Rusiyanın təhlükəli davranışının həm də əməkdaşlıqla düzələ biləcəyi ehtimalını irəli sürür.
NSS-də o da qeyd olunur ki, Avropa Rusiyanı təhdid sayır, Ukraynada sülh naminə səylərin vacibliyi vurğulanır.
"NSS bir neçə tendensiyanı bir araya gətirir", – Kettler yazır.