Yerevan Avropa İttifaqı (Aİ) ilə yeni siyasət çərçivəsini müdafiə edib. Bakı isə bu sənədi Ermənistan-Azərbaycan sülh gündəminə zərbə sayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dekabrın 9-da 64-səhifəlik "Aİ-Ermənistan tərəfdaşlığı üzrə Strateji Gündəm"in bir neçə müddəasına etiraz edib. Bu müddəalara blokun Qarabağdan etnik erməni qaçqınlara yardımı davam etdirmək öhdəliyi, Azərbaycanda saxlanılan erməni məhbusların azad olunmasına dəstək daxildir.
Ermənistan XİN sözçüsü Ani Badalyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, bu sənəd "yalnız Ermənistan vətəndaşlarının Avropaya inteqrasiya arzusunu deyil, həm də Aİ-nin suverenliyimizə, ərazi bütövlüyümüzə, demokratiyamıza və sosial-iqtisadi dayanıqlığımıza dəstəklə bağlı öhdəliyini əks etdirir. Bu, bölgədə sülhü daha da möhkəmləndirmək səylərinə yalnız töhfə verə bilər".
Badalyan əlavə edib ki, Aİ Ermənistan-Azərbaycan sülh prosesini, xüsusilə avqustda Vaşinqtonda iki ölkənin əldə edilmiş razılaşmaları alqışlayıb.
9 dekabr
Azərbaycan Ermənistanın Aİ ilə yeni strateji tərəfdaşlıq sənədindən narahatdır
"...Sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur". Bu narahatlıq "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) dekabrın 9-da yaydığı şərhində ifadə edilir.
"Sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərir", - şərhdə əlavə edilir.
Açıqlamaya görə, reinteqrasiya planından imtina etdikdən sonra Azərbaycandan "könüllü şəkildə" Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi qərəzin nümunəsidir. Şərhə görə, bu, bu il Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişi ilə də ziddiyyət təşkil edir.
Vurğulanır ki, Aİ-Ermənistan strateji tərəfdaşlıq sənədində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur: "...Saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəliyi nəzərə alındıqda... Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, missiyanın mövcudluğunun qorunmasının və tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir".
Xatırlatma
Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
2017-ci ildə Ermənistan Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla da həmin vaxt eyni danışıqlar başlasa da, müsbət nəticə əldə edilməyib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Elə bölgədəki erməni əhali də 2023-cü ildə Ermənistana köç edib.
2 dekabr
Ermənistan Aİ ilə yeni strateji tərəfdaşlıq sənədi imzalayıb
Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı (Aİ) Brüsseldə yeni strateji tərəfdaşlıq gündəliyini qəbul ediblər. Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçirilib.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas imzalayıb.
"Bu, bir növ fəaliyyət planıdır, bizin edə biləcəklərimizin yol xəritəsidir", – Avropanın Genişlənmə Komissarı Marta Kos bir gün öncə jurnalistlərə deyib.
Tərəfdaşlığa təhlükəsizlik və müdafiə sahəsində daha güclü əməkdaşlıq, iqtisadi inkişafa, institutlarım gücləndirilməsinə dəstək daxildir.
Komissar Kos deyib ki, Aİ Ermənistanın 2026-cı il parlament seçkiləri öncəsi dezinformasiya, kiberhücumlar, digər hibrid təhdidləri önləməsinə dəstək göstərəcək. Bu dəstəyin 12 milyon avro təşkil edəcəyi bildirilir. AzadlıqRadiosunun erməni xidməti yazır ki, M.Kos dəstəyin Ermənistanda qurumların hibrid təhlükələri öncədən görməsi, onlara cavab vermək imkanlarını artırmaq məqsədi güdür.
A.Mirzoyan yeni tərəfdaşlıq gündəliyi sənədini "iddialı" adlandırıb, Ermənistan-Aİ ikitərəfli əməkdaşlığını daha da dərinləşdirəcəyini vurğulayıb.
Yerevan və Brüssel 2024-cü ilin əvvəlində bütün səviyyələrdə əməkdaşlıq üzrə birgə prioritetləri müəyyənləşdiriblər. Bu ilin iyununda tərəflər yeni tərəfdaşlıq gündəliyi üzrə danışıqları yekunlaşdırdıqlarını açıqlayıblar.