Keçid linkləri

2025, 12 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Ukrayna ABŞ-nin sülh planına cavabını təqdim edib


ABŞ dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və Cared Kuşner Floridada Ukrayna nümayəndə heyəti ilə görüşür.
ABŞ dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və Cared Kuşner Floridada Ukrayna nümayəndə heyəti ilə görüşür.

Ukrayna Avropa müttəfiqləri ilə bir neçə günlük məsləhətləşmələrdən sonra ABŞ-nin sülh planının son layihəsinə cavabını təqdim edib. Bu barədə "Axios" Ukrayna və ABŞ rəsmilərinə istinadən xəbər verib.

Sənədi ABŞ prezidentinin təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov təqdim edib. Ukraynalı məmurlardan biri deyib ki, cavab şərhləri və təklifləri əhatələyir. Onun sözlərinə görə, sənəddə ərazilər, Zaporojye AES kimi mübahisəli məsələlərlə bağlı yeni ideyalar da yer alıb.

Ukrayna prezidenti Volodimir Zelenski həftənin əvvəlində "Bloomberg"ə deyib ki, danışıqlarda yeddi "həssas məsələ" üzrə razılığa gələ bilmirlər – bunlara təhlükəsizlik təminatları, Ukraynanın şərq bölgələrinə nəzarət daxildir.

Dekabrın 11-də ABŞ və Ukrayna sülh planının müzakirəsini davam etdirəcəklər. "Axios" onların onlayn görüşəcəyini yazır.

Skott Bessent, Cared Kuşner və Larri Fink ilə müzakirələr.
Skott Bessent, Cared Kuşner və Larri Fink ilə müzakirələr.

Ukrayna ABŞ rəsmiləri ilə ölkənin iqtisadi bərpasını müzakirə edib

Ukrayna ABŞ ilə ölkənin iqtisadi bərpası üzrə danışıqlar aparır. Prezident Volodimir Zelenski danışıqların məhsuldar keçdiyini deyib.

Vaşinqton görüşə onlayn qatılıb. ABŞ maliyyə naziri Skott Bessent, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və amerikalı maliyyəçi Larri Fink danışıqlarda iştirak ediblər.

"Əslində bu, Ukraynanın bərpası və iqtisadi yüksəlişi ilə bağlı sənəd üzərində işləyəcək qrupun ilk görüşü sayıla bilər. Bərpanın əsas elementlərini, müxtəlif mexanizmləri, yenidənqurma konsepsiyalarını müzakirə etdik. Düzgün yanaşma ilə gerçəkləşdirilməsi mümkün xeyli ideyalar var", – Zelenski Telegram-da yazıb.

Ukraynanın iqtisadi bərpası ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planının bir hissəsidir. Digər iki hissə müharibənin dayandırılması şərtlərini, Qərb müttəfiqlərinin Ukraynaya təqdim etməli olduğu təhlükəsizlik təminatlarını əhatələyir.

Zelenskinin dediyinə görə, dekabrın 11-də 30-dan çox dövlətin iştirakı ilə "İstəklilər koalisiyası"nın toplantısı keçiriləcək.

Trampdan "kəskin sözlər"

Ukraynanın Avropa müttəfiqləri Vaşinqtonun təklifinə isti yanaşmayıblar.

"İstəklilər koalisiyası"nın iclasından öncə Almaniya, Fransa, Britaniya liderləri Trampla telefonla danışıblar.

Tramp deyib ki, o "çox kəskin" sözlərdən istifadə edib, bu isə müharibənin başa çatdırılması üçün fikir ayrılığının dərinləşdiyini göstərir.

"Ukraynanı çox kəskin sözlərlə müzakirə etdik", – Tramp jurnalistlərə deyib.

"Məncə, adamlar barədə kiçik mübahisələrimiz oldu, görək necə nəticələnəcək. Dedik ki, görüşdən öncə bəzi məsələləri bilməliyik", – Tramp bildirib. O, Avropa ölkələrinin bu həftəsonu Avropada görüş barədə danışdığını əlavə edib.

Tramp administrasiyası Kiyevə sülh təklifini qəbul etməsi üçün təzyiq göstərir. Tənqidçilər bu təkliflərin, əsasən, Rusiyanın xeyrinə olduğunu deyirlər. ABŞ-nin ilkin layihəsi mediada dərc olunsa da, rəsmi açıqlanmayıb. Planda Donbasın Rusiyaya verilməsi, Ukrayna qoşunlarının Donetsk vilayətindəki ərazilərdən çıxarılması, Xerson və Zaporojyedə döyüşlərin təmas xəttində dondurulması yer almışdı.

Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna hərbi vəziyyətdə seçkilər keçirməyin hüquqi yolunu müzakirə edir

Ukrayna prezidenti Volodimir Zelenski parlamentin üzvləri ilə hərbi vəziyyətdə seçki keçirməyi müzakirə edib. Zelenski dekabrın 10-da axşam müraciətində deyib ki, seçki keçirilməsi üçün Kiyevin müttəfiqləri, xüsusilə Vaşinqton güclü təhlükəsizlik təminatları verməlidir.

"Tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas tərəfdaşımız Ukraynada seçkilərdən, hərbi vəziyyətdə seçkilərdən bu qədər çox və konkret danışırlarsa, onda Ukrayna hər bir suala və şübhəyə hüquqi cavab verməlidir", –Zelenski deyib.

"Bu, asan deyil, amma bu məsələdə təzyiq də bizə lazım deyil... Təhlükəsizlik məsələləri tərəfdaşlardan asılıdır, əsas da Amerikadan. Siyasi və hüquqi məsələlərə Ukrayna cavab verməlidir. Cavab veriləcək", – o əlavə edib.

Bundan öncə ABŞ prezidenti Donald Tramp Kiyevin müharibədən seçkilərdən yayınmaq üçün bəhanə kimi yararlanması fikrini səsləndirib.

Ağ ev Ukraynada seçkilərin keçirilməsi üçün təzyiq göstərir. D.Tramp dekabrın 9-da "Politico"nun dərc etdiyi müsahibəsində seçkinin "artıq vaxtıdır" deyib.

Ukrayna konstitusiyası isə müharibə dövründə seçki keçirilməsinə icazə vermir.

Rəsmilər Rusiyanın gündəlik hava zərbələri fonunda seçkinin mümkün olmadığını deyirlər, minlərlə əsgər müharibədədir, milyonlarla ukraynalı evindən didərgin düşüb.

Sonuncu seçki 2019-cu ildə keçirilib, hökumətdə dəyişiklik istəyənlər də var. Zelenskinin populyarlığı son həftələr düşüb, buna böyük korrupsiya qalmaqalı təsirini göstərib, nüfuzlu müşaviri Andriy Yermak istefa verib.

9 dekabr

Üç sənəd

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 9-da jurnalistlərlə onlayn söhbətində deyib ki, Ukrayna, Avropa və ABŞ arasında danışıqlar çərçivəsində sülh tənzimlənməsinin əsasında duran üç sənəd hazırlanır.

"20 bənddən ibarət çərçivə sənədi var, o, daim dəyişir, bu da normaldır. Bu, Ukraynanın, Avropanın və dünyanın maraqlarına cavab verməli olan canlı bir strukturdur", – Zelenski vurğulayıb. Ukrayna prezidentinin sözlərinə görə, ikinci sənəd təhlükəsizlik təminatları, üçüncü isə Ukraynanın bərpası ilə bağlıdır.

Zelenski bundan öncə demişdi ki, ABŞ-nin təhlükəsizlik zəmanətlərini Konqres təsdiqləməlidir, Budapeşt Memorandumu ilə bağlı ssenari təkrarlanmamalıdır.

Zelenski dekabrın 8-də deyib ki, danışıqlar nəticəsində ABŞ-nin sülh planı 28 bənddən 20 bəndə salınıb, Kiyev üçün ən mübahisəli şərtlər oradan çıxarılıb. O, detalları açıqlamayıb. Ukrayna prezidenti ərazi məsələləri üzrə kompromisin hələ tapılmadığını da söyləmişdi.

Zelenski: Seçkilərə hazıram

Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynada prezident seçkisi keçirmək ilə bağlı çağırışına cavab verib. "Mən seçkilərə hazıram. Üstəlik, Birləşmiş Ştatlardan xahiş edirəm, seçkilərin keçirilməsi üçün, ola bilsin, avropalı həmkarları ilə birlikdə təhlükəsizliyi təmin etsin. Onda 60-90 gün ərzində Ukrayna seçkilərə hazır olacaq", - "RBC-Ukraina" Zelenskidən sitat gətirir.

Onun sözlərinə görə, Ukrayna parlamentindən hərbi vəziyyət dövründə səsvermənin keçirilməsi üçün qanunlarda lazımi dəyişikliklər aparmağı xahiş edəcək.

Donald Tramp
Donald Tramp

"Uzun müddətdir seçki keçirmirlər"

ABŞ prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyindən danışıb.

"Onlar uzun müddətdir seçki keçirmirlər. Demokratiyadan danışırlar, amma elə bir vəziyyət yaranır ki, bu, artıq demokratiya deyil", – Tramp deyib.

ABŞ prezidenti seçkilər keçirilsə, Zelenskinin yenidən qalib gələ biləcəyini də istisna etməyib.

Tramp daha öncə də Ukraynada seçki keçirilməsini tələb edib. O, hətta prezident Volodimir Zelenskini "diktator" adlandırıb. Amma sonradan bu fikirlərini təkrarlamayıb.

Zelenskinin səlahiyyət müddəti 2024-cü ildə bitib. Qanunvericiliyə görə, o, yeni seçkilər keçirilənədək vəzifəsində qalır. Seçkilərin keçirilməsi isə Rusiyanın işğalçı müharibəsinə görə elan olunmuş hərbi vəziyyətə görə mümkün deyil. İşğal 2022-ci il fevralın 24-də başlayıb.

Rusiya prezidenti Vladimir Putin Zelenskinin "legitim" olmadığını dəfələrlə dilə gətirib.

Sülh planına razılaşmağa çağırır

Tramp ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarını da şərh edib. O, Rusiyanın hazırda danışıqlarda Ukraynadan "şübhəsiz" daha güclü mövqedə olduğunu söyləyib.

"Cəsarətinə, mübarizəsinə görə Ukrayna xalqını və ordusuna hörmət edirəm, amma gec-tez miqyas üstün gəlir", – Tramp vurğulayıb.

O, Zelenskiyə sülh planı ilə razılaşmağı məsləhət gördüyünü bildirib. Bu plan Ukraynanın ciddi güzəştlərə getməsini nəzərdə tutur.

Tramp Avropanın müharibə ilə bağlı "pis" davrandığını bildirib, Zelenskini tənqid edib, onun Moskvanın ilhaq etdiyi Krımı geri qaytarmaq, NATO-ya daxil olmaq istəyinin Rusiyanın təcavüzünü körükləyəcəyini deyib.

Tramp Co Bayden administrasiyasını da yenidən tənqid edib.

XS
SM
MD
LG