Xəbərlər
Ukrayna Xəzərdə Rusiyanın iki yük gəmisinin vurulduğunu bildirir
Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Xəzərdə "Kompozitor Raxmaninov" və "Askar-Sarıca" adlı yük gəmilərinin vurulduğunu bəyan edib.
Mətbuat üçün açıqlamada həmin gəmilərin hərbi texnika və silah daşıdığı bildirilir. Hücum zamanı onların göyərtəsində silah və ya hərbi texnikanın olub-olmadığı bilinmir.
"Kompozitor Raxmaninov" və "Askar-Sarıca"nın hərbi məqsədlər üçün istifadə edildiyi, İranla Rusiya arasında hərbi yüklər daşıdığına görə ABŞ sanksiyaları altında olduqları bildirilir.
Rusiya bu məlumatı hələlik şərh etməyib.
Ukraynanın 'Lukoil'un Xəzərdə platformasını vurduğu bildirilir
Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi əməliyyatlar mərkəzi Rusiyanın "Lukoil" şirkətinin neftçıxarma platformasına dron zərbələri endirdiyi bildirilir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti, "RBK-Ukraina" və "Ukrainska Pravda" xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıblar.
Bunun Xəzərdə Rusiyaya məxsus neft hasilatı infrastrukturuna ilk zərbə olduğu vurğulanır. Mənbələrə görə, dəniz platformasına azı dörd dəqiq zərbə endirilib. Hücum nəticəsində 20-dən çox quyudan neft və qaz hasilatının dayandırıldığı bildirilir.
Amma bu məlumatlar müstəqil təsdiqlənməyib.
ASTRA Telegram kanalı Rusiyanın Fövqəladə Hallar Nazirliyindəki mənbəyə istinadən yazır ki, bir neçə dron "Filanovski" yatağında yerləşən LSP-1 stasionar platformasına hücum edib. Bu platforma quyuların qazılması, işlənməsi və neft hasilatı üçün istifadə olunur.
"Lukoil" saytında "Filanovski"nin Xəzərin Rusiya sektorunun dibində ən böyük neft yatağı olduğu yazılıb. Yatağın operatoru "Lukoil-Nijnevoljskneft" şirkətidir. İlkin çıxarıla bilən ehtiyatlar 129 milyon ton neft, 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir. İxrac Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə gerçəkləşdirilib. CPC-yə sanksiyalar tətbiq olunmayıb.
Hücumların nə zaman gerçəkləşdiyi dəqiq bilinmir. Rusiya hakimiyyəti bu məlumatları şərh etməyib.
Dekabrın 11-də səhər Rusiya Müdafiə Nazirliyi 12 region üzərində 287 Ukrayna dronunun vurulduğunu açıqlayıb.
AXCP İmişli şöbəsinin fəalının saxlandığı deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirlinin bu gün, dekabrın 12-də rayon ərazisində işlədiyi kafedə, sonradan yaşadığı evində polisin axtarış apardığı bildirilir.
Partiyadan yayılan məlumata görə, axtarış başa çatdıqdan sonra V.Qədirlini onlar özləri ilə aparıblar.
Məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin sədr Əli Kərimli də daxil 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Ukraynada öldürülən 155 mindən çox hərbçinin kimliyi müəyyənləşib
Jurnalistlər Rusiyanın Ukraynada işğalçı müharibəsində həlak olmuş 155 min 368 Rusiya hərbçisinin adını müəyyən ediblər. BBC-nin rus xidməti və "Mediazona" könüllülər komandası ilə birlikdə itkiləri hesablayır.
Həlak olanların üçdə biri könüllülərdir, onlar müharibə başlayandan Rusiya ordusu ilə müqavilə imzalayıblar. Cəmi bir il öncə bu kateqoriya ölənlərin cəmi 15 faizini təşkil edirdi. Jurnalistlərə görə, artıma səbəb könüllülərin ən ağır döyüş bölgələrinə, ilk növbədə Donetsk vilayətinə göndərilməsidir.
Həlak olanların 13 faizi koloniyalardan və istintaq təcridxanalarından cəbhəyə göndərilmiş məhbuslar, 11 faizi səfərbər olunanlardır.
Həlak olan hərbçilərin ümumi sayında liderlik Başqırdıstan və Tatarıstana məxsusdur.
Jurnalistlər ölənlərin siyahılarını açıq mənbələrə əsasən tərtib edirlər. Buraya mediada gedən məlumatları, yerli administrasiyaların açıqlamaları, qohumların sosial şəbəkədə paylaşımları, qəbiristanlıqlardan əldə edilən bilgilər daxildir. Rusiyanın real itki sayının 239 min – 345 min 260 arası ola biləcəyi bildirilir.
Nə Moskva, nə də Kiyev Ukrayna müharibəsindəki itkilərini açıqlayır, amma qarşı tərəfin itkilərindən danışırlar. Hərbi münaqişədə tərəflər adətən öz uğurlarını şişirtməyə, itkilərini azaltmağa meylli olurlar.
Türkiyə S-400-lərlə bağlı dəyişiklik olmadığını deyir
Türkiyə və ABŞ Ankaranın F-35 qırıcı proqramına qoşulmasına əngəlləri və ABŞ sanksiyalarını müzakirə edir, amma Rusiyanın S-400 havadan müdafiə sistemləri ilə bağlı heç nə dəyişməyib. Bunu dekabrın 12-də Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Vaşinqton 2020-ci ildə Ankaranı bu sistemləri aldığına görə “Lockheed Martin's LMT.N" qırıcı proqramından çıxarıb, sanksiyalar tətbiq edib. Vaşinqton S-400-ləri təhlükəsizliyə təhdid sayır.
Türkiyə isə bu addımı ədalətsiz sayır.
Tərəflər ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dönəmində sanksiyaların qaldırılacağına, Türkiyənin qırıcıları əldə edə biləcəyinə ümidini bildirib.
ABŞ-nin Ankaradakı səfiri Tom Barrak bu həftə bildirib ki, müzakirələr davam edir, amma Türkiyə F-35 proqramına qayıtmaq istəyirsə, S-400 işlədə bilməz.
Türkiyə Müdafiə Nazirliyi isə S-400-lə bağlı yenilik olmadığını, sanksiyaların qaldırılması, F-35 proqramına yenidən qəbulla bağlı ABŞ ilə diplomatik müzakirələr aparıldığını bildirib.
"F-35 layihəsi ilə bağlı prosesi alyans ruhu çərçivəsində, qarşılıqlı dialoq və konstruktiv məsləhətləşmələr ilə həll etmək ikitərəfli münasibətlərə müsbət töhfə verəcək", – nazirlik bildirib.
Xarici işlər naziri Hakan Fidan ötən həftə "Reuters"ə deyib ki, Türkiyə və ABŞ-nin sanksiyaları "çox tezliklə" aradan qaldırmağın yolunu tapacağına inanır.
Vaşinqton bildirir ki, S-400 sistemləri F-35 qırıcılarına, NATO-nun geniş müdafiə sistemlərinə təhdid yaradır. Türkiyə bunu rədd edərək deyir ki, S-400-lər NATO sistemlərinə inteqrasiya olunmayacaq.
10 ayda doğuş 6 min azalıb
Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 80 min 802 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.
DSK-nin məlumatına görə, ötən ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 86 min 274 körpə qeydə alınmışdı.
Rəsmi məlumatlara görə, Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb.
'Qara qızıl' azalmaqda davam edir və qiymətdən düşür
Bu gün, dekabrın 15-də Azərbaycan neftinin bir bareli 65 dollardan belə aşağı satılıb. Neftin qiyməti düşməkdə davam edir. Bu ilin büdcəsində neftin bir barelinin ixrac qiyməti 70, gələn ilin büdcəsində isə 65 dollar götürülüb.
Qiymətlə yanaşı, hasilatda da düşüş davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 milyon 43 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 milyon ton və ya 4.6 faiz azdır.
Ölkədə neft hasilatının pik dövrü 2009-cu ildə olub - 50.9 milyon ton.
Aparılan hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Bu il isə bu rəqəm, hələlik, 70 dollardan cüzi artıqdır.
Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür. İqtisadçıların fikrincə, nə qədər ki Azərbaycanda qeyri-neft sektoru real şəkildə inkişaf etməyib, "qara qızıl"ın hasilatının azalması və dəyərinin düşməsi ciddi böhrana yol aça bilər.
Qırğızıstanda Rusiya təbliğatını tənqid edən fəal saxlanılıb
Qırğızıstanda aktivist Aybek Tenizbay saxlanılıb. Bu barədə AzadlıqRadiosunun qırğız xidməti – "Azattyk" onun qohumlarına istinadla məlumat yayıb.
Tenizbayın evinə gələnlər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər.
Fəalın tərəfdarı Maksat Temirbayev BBC-nin qırğız xidmətinə deyib ki, güc strukturlarının əməkdaşları səhər 8:00 radələrində onların evinə gəlib. Onlar Tenizbayın telefonunu, planşetini, anası Anarkul Kasımaliyevanın telefonunu götürüblər. "Mənbələrimizdən dəqiqləşdirdik ki, onu Dövlət Milli Təhlükəsizlik Komitəsinin Bişkek idarəsinə aparıblar", – o bildirib.
Aktivistin saxlanılması ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Vəkil Bakıt Avtandil hazırda Bişkekdə xüsusi xidmət idarəsinin qarşısında olduğunu, amma heç bir məlumat ala bilmədiyini söyləyib.
"Aybek Tenizbayın ekstremist xarakterli bəyanatları barədə bilgimiz yoxdur. O, sadəcə tənqid edirdi. Onu saxlanma səbəbini bilmirik", – vəkil vurğulayıb.
"Azattyk" yazır ki, A.Tenizbay Qırğızıstan hakimiyyətini tənqid edib, Rusiya təbliğatına qarşı bir neçə paylaşım edib.
Ardıcıl üç aydır Azərbaycanda orta maaş düşür
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1086.3 manat təşkil edib.
Amma DSK-nın aylıq hesabatlarının təhlili göstərir ki, ardıcıl üç aydır Azərbaycanda orta maaş düşür . 2025-ci ilin sentyabrında bu rəqəm 1087.7, avqustda 1093.8, iyulda isə 1098.1 manat olub.
Bu düşüşə hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma bunun gələn ilin pensiyalarına da təsir edəcəyi qaçılmazdır. Son illər (2023-cü ildən bəri) qanunvericiliyə edilən dəyişikliyə əsasən, ölkədə pensiyalar inflyasiyaya görə yox, orta əməkhaqqı artımına əsasən indeksləşdirilir.
Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr olub
Dekabrın 9-da Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Xarici İşlər Nazirliyi (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycan (XİN) məlumat yayıb.
Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Rusiyadan isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
"İki ölkə liderləri arasında cari ilin 9 oktyabr tarixində Düşənbədə keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların ikitərəfli siyasi dialoqun əsasını təşkil etdiyi vurğulanıb", - XİN bildirir.
Üç il əvvəl fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. Bəyannamədə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək vacib sayılırdı.
Amma liderlərinin iki ay öncə Düşənbədə görüşünə qədər son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik də müşahidə edilib. Xüsusilə bu, ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan rəsmiləri vurğulayırdı ki, təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Onların mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirmirdi. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.
Buna qədər həm Bakıda Rusiya vətəndaşları, o cümlədən "Sputnik-Azərbaycan"ın rəhbər şəxsləri və həm də Rusiyada Azərbaycan diasporunun bir çox təmsilçiləri həbs edilmişdilər. Liderlərin görüşündən sonra Rusiyada bəzi həbs edilən diaspor təmsilçiləri (hərçənd belə həbslər hələ də davam edir) və "Sputnik-Azərbaycan" təmsilçiləri azadlığa buraxıldılar.
Azərbaycanda müstəqil ekspertlər düşünür ki, əslində rəsmi Bakı və Kreml arasında bəzən soyuqluq müşahidə edilsə də, onları daim bir-birinə strateji müttəfiqlik telləri bağlayır.
Namizəd Səfərov həbs edilib
Hüquqşünas Namizəd Səfərov həbs edilib.
Dekabrın 10-da Xətai rayon Məhkəməsində bununla bağlı vəsatətə baxılıb.
Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.
Həmin ittihamla şəxsə 10 ilə qədər həbs nəzərdə tutulur.
İttihama ondan ayrılıqda münasibət almaq mümkün olmayıb. Amma yaxınları ittihamı qurama və siyasi sayır.
+++
Dekabrın 9-da hüquqşünas, Vəkillər Kollegiyasının keçmiş üzvü Namizəd Səfərovu mülkigeyimli şəxslərin saxlayıb naməlum istiqamətə apardıqları bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onlar hazırda hüquqşünasın yerini dəqiqləşdirməyə çalışırlar.
Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
N.Səfərov Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. O, bunu kollegiyanın rəhbərliyini tənqid etməsi ilə əsaslandırıb. Kollegiyadan isə həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə izah edilmişdi.
N.Səfərov bir sıra müxalifət qüvvələrini birləşdirən Milli Şurasının da üzvü olub. Amma 2020-ci ildən oradan özü istefa verib.
Nobel laureatı Maçado: Demokratiyalar azadlıq uğrunda savaşmalıdır
"Demokratiyalar sağ qalmaq üçün azadlıq uğrunda savaşa hazır olmalıdır". Bunu Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado dekabrın 10-da mükafatın təqdimat mərasiminə çıxışında deyib. Venesuela müxalifətinin lideri mərasimə qatıla bilməyib, çıxışını qızı səsləndirib.
Maçado bu mükafatın təkcə onun ölkəsi üçün deyil, bütün dünyadan ötrü böyük əhəmiyyətini vurğulayıb.
"Bu, dünyaya xatırladır ki, demokratiya sülh üçün vacibdir", – qızı Ana Korina Sosanın səsləndirdiyi çıxışda vurğulanır.
58 yaşlı mühəndis Osloda mükafatı almağa özü gedəcəkdi, amma mərasimə çata bilməyib.
"Osloda olacağam, hazırda Osloya gedirəm", – Maçado Nobel Komitəsinin rəhbəri Yorqen Vatne Fridnesə göndərdiyi səs yazısında deyirdi.
Müxalifət liderinin haradan zəng etdiyi bəlli deyil.
Maçadoya 10 ildir Venesuelada səyahət qadağası qoyulub.
2024-cü ildə Maçado prezident seçkisinə buraxılmayıb. O, ötən ilin avqustundan gizlənir. Hakimiyyət isə müxalifət fiqurlarının həbslərini artırıb.
Prezident Nikolas Maduro qalib elan olunsa da, müxalifət, beynəlxalq müşahidəçilər bunun əksini bildirib.
Maçado oktyabrda Nobel Sülh Mükafatını alanda onu qismən ABŞ prezidenti Donald Trampa həsr edib. Tramp administrasiyası Maduronun kriminal bandalarla əlaqələri olduğunu, onların ABŞ-nin milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirir. ABŞ kəşfiyyatı isə bununla bağlı şübhələrini bildirib.
İtaliya mətbəxi UNESCO-nun mədəni irs siyahısına salındı
UNESCO dekabrın 10-da İtaliyanın milli mətbəxini "qeyri-maddi mədəni irs" kimi tanıyıb.
Qurum səsverməni Nyu-Dehlidə keçirib. İtaliya bu prosesi 2023-cü ildə başladıb. Hökumət ölkənin qida mədəniyyətini ailələri və icmaları birləşdirən sosial ritual kimi təqdim edib.
İndusların Divali festivalı və İslandiyanın üzgüçülük hovuzu mədəniyyəti də UNESCO siyahısına salınıb.
İtaliya hökuməti ölkənin siyahıya salınmasına dəstək bəyanatında müxtəlif mədəniyyətləri əks etdirən rəngarəng mətbəxini təsvir edib. Baş nazir Corca Meloni deyib ki, "bu fərqləndirmə yalnız qürur duya biləcəyimiz bir uğurdur".
Sənaye qruplarının ehtimalına görə, UNESCO tərəfindən tanınma iki il ərzində turizmi 8 faizədək artıra, 18 milyon əlavə gecələməyə səbəb ola bilər.
UNESCO-nun "qeyri-maddi mədəni irs" siyahısında digər menyular da var: Fransanın bazar və bayram günlərini qeyd edən yüksək kulinariyası, Meksikada bir etnik azlığın dini ayinlərdə verilən yeməkləri, Koreyanın kimçi turşusu və Yaponiyanın vaşoku mətbəxi.
Sənaye istehsalı azalır, ÜDM artır...
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-noyabr aylarında 57.5 milyard manatlıq məhsul istehsal ediblər. Statistika Komitəsi (ASK) bildirir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz azdır: "Neft-qaz sektorunda məhsul istehsalı 2.1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4.8 faiz artıb".
DSK əlavə edir ki, bu ilin 11 ayında Ümumi Daxili Məhsulda (ÜDM) isə arım var: "2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.6 faiz çox ÜDM istehsal olunub".
Açıqlamaya görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3.2 faiz artıb.
Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatının böyüməsində bu rəqəmi yetərli saymırlar. Azərbaycan hökumətinin proqnozlarında da 2025-ci ildə 3-4 faizlik iqtisadi artımdan bəhs edilirdi.
Mask deyir, DOGE 'azacıq uğur qazanıb'
ABŞ prezidenti Donald Trampın Hökumətin Effektivliyi Departamenti (DOGE) "azacıq uğur qazanıb". Bunu "Tesla" şirkətinin rəhbəri İlon Mask dekabrın 9-da bir podkastda deyib, bu layihəyə bir daha rəhbərlik etməyəcəyini əlavə edib.
Milyarder Trampın prezident seçkisindəki kampaniyasında böyük donor olub, sonradan onun yaxın müttəfiqinə və müşavirinə çevrilib.
DOGE-nin məqsədi federal hökumətin büdcəsini, işçi qüvvəsini ixtisar etmək idi. Amma Maskın bu departamentdəki rolu, siyasi ritorikası özünə və "Tesla"ya qarşı reaksiya yaradıb, "Tesla" maşınları vandalizmə məruz qalıb.
"Məncə, DOGE-dənsə öz şirkətlərimlə işləməliydim. Maşınları da yandırmazdılar", – Mask Tramp administrasiyasının keçmiş rəsmisi Keti Miller ilə podkastda deyib.
"Azacıq uğur qazandıq... Gerçəkdən mənasız olan xeyli maliyyəni dayandırdırıq, tamamilə israf olunurdu", – deyən Mask bir daha DOGE-yə qayıtmayacağını da əlavə edib.
Mask postundan gedəndən sonra prezident Trampla açıq şəkildə mübahisəsi düşüb. Sonradan barışıq əlamətləri sezilib.
DOGE isə mandatının bitməsinə səkkiz ay qalmış buraxılıb. Qurum on milyardlarla dollar xərci azaltdığını bildirib, amma maliyyə ekspertləri detallı hesabat olmadığından bunu yoxlaya bilməyiblər.
Mərkəzi Bank uçot dərəcəsini endirib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
AMB İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcəsi 6.75, faiz dəhlizinin aşağı həddi 5.75, faiz dəhlizinin yuxarı həddi isə 7.75 faizə endirilib.
Qurum hesab edir ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9 faiz təşkil edib
Amma müstəqil iqtisadçılar bu rəqəmə şübhə ilə yanaşır, inflyasiyanın daha yüksək olduğunu iddia edirlər. Onların sözlərinə görə, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi bir qədər formal xarakter daşıyır. Həmin şəxslər deyir ki, uçot dərəcələri dəyişəndə belə bu bank faizlərinə təsir göstərmir. Əslində uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir.
Müstəqil ekspertlər vurğulayırlar ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.